Gəncədə mülki şəhidlərin xatirəsi yad edilib
Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti raket hücumuna məruz qalmasından altı il ötür. Bununla əlaqədar olaraq, Gəncə Memorial Kompleksində anım mərasimi təşkil olunub.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları memorial lövhənin önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna dərin ehtiramlarını bildiriblər.
Qeyd olunub ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə müxtəlif vaxtlarda dəfələrlə raket atəşinə məruz qalıb. Bu hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 175 nəfər dinc sakin isə yaralanıb.
Mülki şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində xüsusi Memorial Kompleks inşa edilib. Gəncə Memorial Kompleksinin açılışı 2026-cı il sentyabrın 27-də – Anım Günündə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Bu Memorial Kompleks Azərbaycanın mülki əhaliyə qarşı törədilmiş terrora cavabını, şəhidlərin əziz xatirəsinə dərin ehtiramı və gələcək nəsillərə sülhün, ədalətin əhəmiyyətini göstərən rəmzdir.
Daha sonra din xadimi tərəfindən Azərbaycan Respublikasının suverenliyi uğrunda həlak olan bütün şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, orijinal memarlıq həlli ilə seçilən Gəncə Memorial Kompleksi spiralvari forması ilə raketin yerdə yaratdığı krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb. Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir. Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.






