Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə mülki şəhidlərin xatirəsi yad edilib

12 oktyabr 2022 | 09:02

 

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından iki il ötür. Bununla əlaqədar olaraq Gəncədə anım mərasimi təşkil olunub.

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, Nizami və Kəpəz Bələdiyyələrinin sədrləri Qoşqar Məmmədov, Yaşar Abdullayev, İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, habelə şəhər ictimaiyyətinin üzvləri iştirak ediblər. 

Mərasim iştirakçıları əvvəlcə Vətən Müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində Ə. Rəfibəyli küçəsi, "Qələbə" parkının yaxınlığında dağılan ərazini ziyarət ediblər.

Mərasim iştirakçıları mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılan ərazilərə tər çiçəklər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub. Daha sonra rəsmilər Şəhidlər Xiyabanında və "İmamzadə" Dini Kompleksinin ərazisində dəfn olunan mülki şəhidlərin məzarlarını ziyarət ediblər.

Ermənistan silahlı qüvvələrinin  Gəncədə törətdikləri terror nəticəsində dağılan ərazilər gün ərzində şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər tərəfindən ziyarət olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 yanvar 2022-ci il tarixində Gəncəyə səfəri zamanı sözügedən ərazidə Gəncə Memorial Kompleksinin təməlini qoyub.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 10 nəfər şəhid olub, 35 nəfər yaralanıb.

Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 142 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Keçidlər