Gəncədə Mustafa Kamal Atatürkün anım günü keçirilib
10 noyabr 2022 | 14:18
Bu gün Türk dünyasının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün vəfatından 84 il ötür. Bununla əlaqədar olaraq Türkiyənin Gəncədəki Baş konsulluğunda anım mərasimi keçirilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq -mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zeki Öztürk çıxışında bildirib ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümüdür.
Zeki Öztürk: "Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə doğulub. 1919-cu ildə milli mübarizəyə başlayaraq indiki böyük, demokratik Türkiyənin əsasını qoyub, böyük dövlət yaradıb. Onun təşəbbüsü ilə 29 oktyabr 1923-cü il tarixdə Türkiyə Cümhuriyyəti elan edilib. Dahi şəxsiyyət Atatürkün apardığı bir sıra islahatlar nəticəsində ölkə sürətlə inkişaf edib. Bu gün Türk xalqı böyük Atatürkün miras qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirir.
Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində böyük iz buraxıb. Ulu öndər Heydər Əliyev Atatürk haqqında demişdir: "Mustafa Kamal Atatürk bütün türk dövlətinin tarixi şəxsiyyətidir. Bütün türk dünyasının əvəzsiz, ölməz liderdir". Atatürk hələ o zamanlar "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deməyi bu iki dövlətin bir-birinə olan qardaşlıq əlaqələrini daha da möhkəmləndirmişdir".
Sonda Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş videoçarx izlənilib.