Gəncədə Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib
10 noyabr 2026 | 16:38
Türk dünyasının dahi liderlərindən olan Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür. Bununla əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım mərasimi keçirilib.
Mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, hüquq-mühafizə orqanlarının, eləcə də idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Mustafa Kamal Atatürkün əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, din xadimi tərəfindən dualar oxunub.
Recep Öztop çıxışında bildirib ki, Qazi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 29 oktyabr 1923-cü il tarixində Türkiyə Cümhuriyyəti elan edilib. Dahi şəxsiyyətin həyata keçirdiyi bir sıra islahatlar nəticəsində ölkə sürətlə inkişaf edib. Bu gün türk xalqı böyük Atatürkün miras qoyduğu dəyərlərə hörmətlə yanaşır və onun ideyalarını yaşadır.
Adil Tağıyev çıxışında tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq qeyd edib ki, Atatürk türk xalqı üçün olduğu qədər, Azərbaycan xalqı üçün də dəyərli şəxsiyyətdir. Onun “Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” fikri Azərbaycan və Türkiyə arasında mövcud olan tarixi qardaşlıq əlaqələrinin ən gözəl ifadəsidir. Atatürk ömrünü türk xalqının inkişafına və müasirləşməsinə həsr edib, bu yolda yorulmadan, böyük səylə çalışıb. Türkiyə Cümhuriyyəti isə Atatürkün özündən sonrakı nəsillərə miras qoyduğu ən böyük dəyərlərdən biridir.
Sonda Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.






