Gəncədə “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının, Azərbaycan Dövlət Aqrar Universitetinin və Gəncə Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş “Narkomaniyaya yox deyək!” devizi altında tədbir keçirilib.
ADAU-nun inzibati binasında baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, həmçinin ağsaqqallar, ziyalılar, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bayram Yusifov narkomaniyanın fəsadlarından bəhs edib və Şura tərəfindən müntəzəm olaraq bu mövzuda tədirlərin, görüşlərin keçirildiyini, gənclərimizlə maarifləndirici söhbətlərin aparıldığını qeyd edib. Vurğulayıb ki, ağsaqqallar hər zaman dünyanın bu böyük bəlasına qarşı cəmiyyətimizi səfərbər olmağa və mübarizə aparmağa çağırır.
Tədbirdə çıxış edən natiqlər narkotik maddələrdən istifadə nəticəsində baş verə biləcək fəsadlardan, narkoloji xəstələrin müayinə və müalicəsindən, həmçinin bu bəla ilə təsirli mübarizədən və onun aradan qaldırılması tədbirlərindən söz açıblar.