Gəncədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən yenidənqurma, sülh və inteqrasiya mövzusunda tədbir keçirilib
08 İyun 2023-cü il tarixində Gəncə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda tədbir keçirilib.
Tədbirdə Mərkəzin həmsədri İsmayıl Seragəldin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, müxtəlif ölkələrin 30-dan çox sabiq prezidentləri, baş nazirləri və digər rəsmi qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar Nizami Gəncəvinin Məqbərəsini ziyarət ediblər.
Daha sonra Gəncə Dövlət Filarmoniyasının önündə Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” adlı ədəbi-bədii kompozisiyaya tamaşa ediblər. Filarmoniyanın solisti Elmir Pişnamazzadənin ifasında dahi şairin sözlərinə bəstələnmiş əsərlər səslənib, Göy-göl Mahnı və Rəqs Ansamblının təqdimatında “Odlar yurdu” kompoziyası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Bədii hissədən sonra Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında keçirilən toplantı rəsmi hissəsi başlayıb.
Niyazi Bayramov qonaqları salamalayaraq Gəncənin tarixi, mədəniyyəti və digər sahələri barədə geniş məlumat verib. Şəhər rəhbəri qeyd edib ki, Nizami Gəncəvi irsi daim Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Prezident İlham Əliyev də Nizami Gəncəvi yaradıcılığını yüksək qiymətləndirir. Məhz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsi də möhtərəm cənab Prezidentin müvafiq Sərəncamına uyğun olaraq dahi şairin 870 illiyinə təsadüf etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İsmayıl Seragəldin çıxışında Nizami yurdunda olduğunda məmnunluq duyduğunu bildirib. O, Mərkəzin dahi şairin ideaları əsasında qurulduğunu deyib və Nizami Gəncəvi əsərlərində zorakılığı deyil, sülhü üstün tutmağı, səbirli, ədalətli olmağı, cəmiyyətlərin xoşbəxt yaşamalarını təbliğ etdiyini vurğulayıb.
Çıxış edən qonaqlar Nizami Gəncəvinin əsərlərini, əsasasən də “Xəmsə”ni dünya ədəbiyyatının xəzinəsi adlandırıblar.
Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.