Gəncədə növbəti nümunəvi mülki müdafiə məşqi keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil olunub.
Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 2024-cü il üçün Mülki müdafiə tədbirlər planına müvafiq olaraq, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda olub.
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin nümayəndələri, Fövqəladə hallar komissiyasının, Mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak ediblər.
Məşqin keçirilməsində əsas məqsəd mülki müdafiə planının reallığının yoxlanılmasından, rəhbər heyətin fövqəladə hadisələr zamanı xidməti vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirməkdən ibarətdir.
Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.
Sonda məşqin yekunu təhlil olunaraq, aidiyyəti üzrə tapşırıqlar verilib.