Gəncədə Novruz Bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib
Novruz Azərbaycanda qeyd edilən ən qədim bayramlardan biridir. Baharın gəlişini tərənnüm edən, birlik, bərabərlik və qardaşlıq bayramı olan Novruz Nizami yurdunda təntənə ilə qeyd olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə Gəncənin Heydər Əliyev adına meydanında “Xarıbülbül ətirli Bahar Bayramı” adlı ümumşəhər tədbiri baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, hüquq-mühafizə orqanlarının, eyni zamanda idarə, müəssisə və təşkilatların rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə qonaqları elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıblar. Daha sonra tədbir iştirakçıları “Gəncəsənət” - incəsənət, sənətkarlıq və yaradıcılıq sərgisinə, həmçinin Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələri və Gənclər Evinin təşkilatçılığı ilə istedadlı gənclərin hazırladığı təsviri incəsənət əsərlərindən ibarət sərgiyə, baxış keçiriblər.
Ümumşəhər tədbirində körpələr evi - uşaq bağçalarının kollektivlərinin, Gəncə pəhləvanlarının, həmçinin idmançıların güləş, takevando, bədii gimnastika və şahmat üzrə nümunəvi çıxıları izlənilib. Gəncə Uşaq Evinin, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" nağaraçalanlar ansamblının çıxışları, həmçinin “Aşıq deyişmələri” maraqla qarşılanıb.
Hazırlanan “Novruz süfrəsi”ndə bayram təamları və atributları nümayiş olunub.
Gəncə Dövlət Dram Teatrı kolektivinin Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırladığı “Bazar meydanı” tamaşası, hər kəsin ovqatına xoş təsir bağışlayıb.
Müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı iştirakçıları salamlayaraq, onlara xeyir-dua verib, xoş arzularını bildirblər. Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklalarının, həmçinin Novruzun əvəzolunmaz atributları olan Keçəl və Kosanın maraqlı çıxışları izlənilib, yumurta döyüşdürülüb.
Daha sonra Novruz Bayramına həsr olunan musiqili proqram başlayıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının solistlərinin milli ruhda təqdim etdikləri mahnılar və “Xəmsə” mahnı və rəqs ansamblının rəqs nömrələri alqışlarla qarşılanıb.
Tədbirin yekununda “Cəngi” musiqisinin sədaları altında cəngavərlər möhtəşəm Novruz tonqalını alovlandırıblar.
Ümumşəhər tədbirindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Uşaq Evinin sakinləri ilə birlikdə bayram süfrəsi ətrafında nahar edib, onları Novruz Bayramı münasibətilə təbrik edərək, xoş arzularını bildirib.