Gəncədə “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Gəncə Dövlət Dram Teatrının səhnəsində “Nurlu ömrün anları” tamaşasını oynayıblar. Tamaşa Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə nümayiş olunub.
Nümayişdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, mədəniyyət işçiləri şəhər ictimaiyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhvələrdən danışıb, Ümummilli Liderin zəngin irsinin, fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğu bildiriblər. Hər bir azərbaycanlının qəlbində Ulu Öndər Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissinin olduğunu, onun əziz xatirəsinin daim qəbimizdə yaşayacağını vurğulayıblar.
Müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tamaşanın müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevdir.