Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Özbəkistanın Azərbaycandakı Fəxri Konsulluğu tərəfindən “Sevənlərindir dünya” adlı tamaşa təşkil olunub

15 may 2025 | 14:07

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Gəncə Dövlət Milli Dram Teatrında Əmir Pəhləvanın “Sevənlərindir dünya” tamaşası nümayiş olunub.

Tamaşada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fəxri konsulu Kənan Cəlilov, Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, , millət vəkilləri, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri qonaq qismində iştirak ediblər.

Rəsmi hissədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, səfir Bahrom Aşrafxanov və konsul Kənan Cəlilov çıxış ediblər. Çıxışlarda iki qardaş xalqın tarixi köklərə söykənən mədəni əlaqələrindən, bugünkü çoxşaxəli və səmərəli əməkdaşlığından bəhs olunub. Qeyd edilib ki, səhnələşdirilən tamaşa yalnız bir teatr əsəri deyil – eyni zamanda xalqlarımız arasında dərin köklərə malik dostluq və qardaşlıq münasibətlərinin tərənnümüdür. Bu cür təşəbbüslər mədəniyyətin birləşdirici gücünü bir daha nümayiş etdirir və qarşılıqlı əməkdaşlığın, anlayışın möhkəmlənməsinə mühüm töhfə verir.

Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivinin peşəkar təqdimatında səhnə əsəri nümayiş olunub. “Sevənlərindir dünya” adlı tamaşada iki qardaş xalq – Azərbaycan və Özbəkistan xalqları arasındakı tarixi, mədəni və mənəvi bağlardan bəhs edilir. Əsərdə azərbaycanlı oğlan Şərif və özbək qızı Müyəssərin sevgi taleyindən söhbət açılır.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər