Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

01 oktyabr 2026 | 14:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi “PeşəFest-2026” layihəsi bu dəfə Gəncə şəhərində baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, dövlət və özəl təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında regionlarda əmək bazarının inkişafı və yeni məşğulluq imkanlarının formalaşmasında peşə bacarıqlarının əhəmiyyətini vurğulayıb. O, gənclərin əmək bazarında tələb olunan peşələr barədə məlumatlandırılmasının, praktiki bacarıqlarının artırılmasının və peşə seçiminə dəstək göstərilməsinin vacibliyini qeyd edib. Şəhər rəhbəri “PeşəFest” layihəsinin bu istiqamətdə həyata keçirilən tədbirlərə mühüm töhfə verdiyini bildirib.

DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müasir əmək bazarında işəgötürənlərin tələblərinin dəyişdiyini və bu tələblərə uyğun bacarıqlara malik mütəxəssislərə ehtiyacın artdığını qeyd edib. Agentlik sədri gənclərin erkən yaşlardan əmək bazarının tələbləri barədə məlumatlandırılmasının və onların peşə-bacarıq seçimlərinin düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop isə qlobal əmək bazarında baş verən transformasiyalara diqqət çəkərək, yeni şəraitdə gənclərin uğurlu karyera qurmaları üçün düzgün istiqamətləndirilmələrinin vacibliyini bildirib. Türkiyəli diplomat “PeşəFest”in işəgötürənlə işaxtaranı, nəzəriyyə ilə təcrübəni, gənclərin xəyalları ilə əmək bazarının reallıqlarını bir araya gətirməsi baxımından əhəmiyyətini qeyd edib.

Digər çıxışçılar peşə təhsilinin və bacarıqlarının əmək bazarına hazırlıq prosesindəki roluna diqqət çəkiblər. Bildirilib ki, təhsil müəssisələri, dövlət qurumları və işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanmasına imkan yaradır. “PeşəFest”in gənclərin müxtəlif peşələr üzrə praktiki məlumat əldə etmələrinə və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmələrinə şərait yaratdığı vurğulanıb.

Festival çərçivəsində müxtəlif peşə sahələrinin nümayəndələri ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib və iştirakçılara peşə seçimi ilə bağlı tövsiyələrini bölüşüblər.

Qeyd edək ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq, eləcə də gənclərin düzgün peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.

Keçidlər