Gəncədə Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib
Gəncədə 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər prokuroru Rauf Gözəlov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Gəncə Şəhər Prokurorluğunda keçirilən görüşdə qeyd edilib ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik və hüquqi islahatlar siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi və əməkdaşların peşəkarlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Daha sonra Gəncə Şəhər Prokurorluğunun bir qrup əməkdaşı şəhərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsində göstərdikləri yüksək peşəkarlığa görə 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin “Fəxri fərman”ı ilə təltif olunublar.






