Gəncədə Qadın Sahibkarların I Qurultayı keçirilib
Gəncə şəhərində “Credence Group” və Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin (ASQİB) birgə təşkilatçılığı ilə Qadın Sahibkarların I Qurultayı baş tutub.
Qurultayda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmini, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, tanınmış rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri, “Qızıl Əllər” MMC-nin təsisçisi Zemfira Ağayeva və sahibkarlar iştirak ediblər.
“Güclü qadınlar, sonsuz imkanlar” şüarı ilə təşkil olunan tədbirin məqsədi qadın sahibkarlığının inkişafına dəstək vermək, biznes mühitində qadınların rolunu gücləndirmək, eləcə də regionlarda yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına şərait yaratmaq olub.
Tədbirdə çıxış edən rəsmilər ölkədə sahibkarlığın inkişafının iqtisadiyyat üçün əhəmiyyətini vurğulayaraq, dövlət tərəfindən göstərilən dəstək və yaradılan imkanlar barədə məlumat verib, qurultayın işinə uğurlar arzulayıblar.
Qurultay çərçivəsində bir qrup sahibkar xanım “Fəxri diplom”la təltif olunub.
Tədbir bədii proqramla davam edib.






