Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə qanunsuz küçə ticarətinə qarşı aparılan reydlər bu gün də davam edib

10 dekabr 2024 | 17:30

Xəbər verdiyimiz kimi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhər ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə komissiya yaradılıb və “İşçi qrupları” fəaliyyətə başlayıb. “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.

“İşçi qrupu”nun üzvləri Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə şəhərin küçə və prospektlərində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparırlar. Aparılan izahedici söhbətlərə və edilən ilkin xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində Azərbaycan Respublikasının “İnzibati xətalar məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilir, səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunur.

Bu gün şəhərin Atatürk prospekti, həmçinin Üzeyir Hacıbəyli və Zülfü Hacıyev küçələrində qurulan pərakəndə ticarət obyektləri yığışdırılıb. Belə ki, ötən gün “İşçi qrupu”nun üzvləri tərəfindən qeyd olunan ərazilərdə reyd keçirilmiş və burada qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə izahedici söhbətlər aparılmışdı. Edilən xəbərdarlıq nəticə vermədiyindən, yol kənarlarında qanunsuz olaraq qurulan pərakəndə ticarət obyektləri sökülüb, satış üçün yol kənarına düzülən yeyinti məhsuları “İşçi qrupu”nun üzvləri tərəfindən yığılıb. Yığılan məhsullar, qanunamüvafiq qaydada akt tərtib edilərək, aidiyyəti üzrə təhvil verilib.

Keçidlər