Gəncədə qanunsuz küçə ticarətinin qarşısı alınır - VİDEO
Aparılan müşahidələr və sakinlər tərəfindən daxil olan müraciətlərin araşdırılması son zamanlar Gəncə şəhər ərazisində pərakəndə ticarət hallarının geniş yayıldığını göstərir. Küçələrdə səkilərin və yol kənarlarının zəbt edilməsi ilə həyata keçirilən pərakəndə ticarət antisanitar vəziyyətin yaranmasına səbəb olur, piyada və avtomobillərin hərəkətinə maneə törətməklə, sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaradır.
Qeyd edilənlər nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhər ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə komissiya yaradılıb və “İşçi qrupları” fəaliyyətə başlayıb.
“İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.
Ötən günlər ərzində “İşçi qrupu”nun üzvləri şəhərin M.Xələfov küçəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar. Aparılan izahedici söhbətlərə və edilən ilkin xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində Azərbaycan Respublikasının “İnzibati xətalar məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilmiş, səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub.
Qeyd edək ki, reydlər mütəmadi qaydada davam etdirilir.