Gəncədə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud ekoloji vəziyyət: Müasir çağırışlar və problemlərin həlli yolları” müzakirə olunub
28 dekabr 2022 | 11:07
Azərbaycan Texnologiya Universitetində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud ekoloji vəziyyət: Müasir çağırışlar və problemlərin həlli yolları” adlı elmi praktik konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Mingəçevir Dövlət Universitetinin rektoru, i.f.d. dos. Şahin Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektor əvəzi dos. Zəfər Qurbanov iştirak ediblər. Elmi-praktik konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, eləcə də Göygöl Milli Parkı təmsil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATU-nun rektor əvəzi dos.Yaşar Ömərov çıxış edərək bildirib ki, torpaqlarımızın azad edilməsi Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilmiş ekoloji cinayətin elmi əsaslarla monitorinqini, torpaq və su ehtiyatlarının, bioloji müxtəlifliyin işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlilini, bərpasını, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatları aktuallaşdırıb. Yaşar Ömərov konfransda müzakirə olunan məsələlərin işğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası istiqamətində aparılan işlərə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd edib ki, Ermənistan 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı ərazilərimizdə əsl vandalizm törədib. Bütün yaşayış məntəqələri, tarixi, mədəni və dini abidələrimiz dağıdılıb. Bununla yanaşı, Azərbaycanın ekologiyasına da ciddi ziyan vurulub, təbii sərvətlərimiz talan edilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşədətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilən torpaqlarımızda hazırda irimiqyaslı yenidənqurma işləri həyata keçirilir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının ekoloji bərpası istiqamətində də işlər aparılır.
Tədbirdə AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək, mövzunun aktuallığına diqqət çəkib, konfransın işinə uğurlar arzulayıb.
Plenar iclasın sonunda “İşğaldan azad olunmuş ərazilərdə ekoloji terror” adlı geniş məruzə dinlənilib. Konfrans öz işini panel iclasda davam etdirib. ATU, GDU, ADAU və MDU-nun müvafiq kafedra əməkdaşlarının və tədqiqatçılarının məruzələri dinlənilib, mövzularla bağlı məhsuldar fikir mübadiləsi aparılıb.
Konfransın ikinci günü isə ATU, GDU və ADAU-nun magistr və bakalavr tələbələri məruzələrlə çıxış edəcəklər.