Gəncədə Qərb bölgəsinin biomüxtəlifliyin qorunmasına dair Respublika elmi konfransı keçirilib
AMEA-nın Gəncə Bölməsində Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və onun Gəncədə yerlşən Nəbatat Bağının təşkilatçılığı ilə “Azərbaycanın Qərb bölgəsinin biomüxtəlifliyi: Mövcud yanaşmaların və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfrans “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə və COP29-a həsr edilib.
Forumda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, AR ETN Nəbatat Bağının (Gəncə) direktoru Nizami Nağıyev, həmçinin Gəncə ilə yanaşı, Bakı və Naxçıvanın elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar iştirak ediblər.
Tədbirdən əvvəl Gəncədə fəaliyyətləri ekoloji məsələlər ilə bağlı olan elmi qurumların nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fuad Əliyev iştirakçıları salamlayaraq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq arenada daha bir uğuru kimi dəyərləndirib. Akademik Fuad Əliyev alim və tədqiqatçılarımızı müasir dünyanı təhdid edən ekoloji problemlərinin həllinə öz töhfələrini verməyə çağırıb və konfransın gedişatına uğurlar arzulayıb.
Yadigar Bədəlov tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayıb. O, respublikamızın ev sahibliyi etdiyi və uğurla başa çatmış COP29 sessiyasının əhəmiyyətindən bəhs edib. Həmçinin, alimlərimizin təbiətin və biomüxtəlifliyin qorunmasına verdikləri töhfələri qeyd edib.
Çıxış edən alimlər konfransın məram və məqsədlərinə aid olan, istər ölkəmizdə, istərsə də qlobal miqyasda ətraf mühitin tarazlığını poza bilən, müasir dövrün xüsusiyyətlərindən yaranmış həlli vacib problemlərlə mübarizə naminə elm adamlarının səylərinin birləşdirməyin zəruriliyi haqda danışıblar.
Konfrans 6 istiqamət üzrə müxtəlif mövzularla öz işini davam etdirib.
Çıxışlar və məruzələr ətrafında fikir mübadilələri aparılıb.
Aktual problemlər haqda ətraflı məruzə və çıxışlara görə, əksəriyyəti gənclər olan fəal iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Azərbaycanın Qərb bölgəsinin biomüxtəlifliyi: Mövcud yanaşmaların və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda respublika elmi konfransına 40-dan çox elmi məqalə təqdim olunub.