Gəncədə “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bizim tariximiz təsdiqləyir” mövzusunda konfrans keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bizim tariximiz təsdiqləyir” mövzusunda konfrans gerçəkləşib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov, İcmanın İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev, QAİ-nin Gəncə şəhər üzrə nümayəndəsi Mübariz Yusifov, idarə, müəssisə, təşkilat rəhbərləri və ziyalılar iştirak ediblər.
Əvvəlcə rəsmilər Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi Meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra Filarmoniyanın foyesində təşkil edilən Qərbi Azərbaycana həsr olunmuş dekorativ tətbiqi sənətə və fotosərgiyə baxış keçiriblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcmanın 2 illik fəaliyyəti ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanmış film nümayiş olunub.
Niyazi Bayramov qədim Nizami yurdunda Qərbi Azərbaycanla bağlı belə tədbirin keçirilməsinin önəmindən söz açıb. O bildirib ki, bugün Prezident İlham Əliyevin Qərbi Azərbaycana Böyük Qayıdış ideyasının həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir.
Əziz Ələkbərov “Qərbi Azərbaycan İcmasının məqsəd və hədəfləri, qayıdış uğrunda mübarizə” mövzusunda çıxışında icmanın yaranma tarixçəsi, bu günə qədər görülən işlər və qarşıda duran məsələlər barədə danışıb. Bildirib ki, son 200 ildə ata-baba yurdlarından zorla çıxarılan Qərbi azərbaycanlıların geri qayıdışı mütləq şəkildə təmin olunmalıdır.
“Qərbi Azərbaycan həqiqətləri, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış uğrunda apardıqları mübarizənin tarixi əhəmiyyəti” mövzusunda danışan Musa Quliyev Qərbi Azərbaycandakı yurd yerlərimizdən, doğma torpaqlara qayıdışın vacibliyindən bəhs edib.
Hikmət Babaoğlu “İndiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı regionda qalıcı sülhün təminatı kimi” mövzusunda danışaraq bildirib ki, soydaşlarımızın geri qayıdışı regionda qalıcı sabitliyin olmasında mühüm rol oynayacaq.
Daha sonra Bayram Aslanov “Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsinin siyasi və sosial təsirləri”, Mübariz Yusifov “Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsinin fəaliyyət istiqamətləri barədə hesabat xarakterli icmal”, Gəncə şəhərində yaşayan Qərbi Azərbaycan kökənli gənclər adından Sevinc İsgəndərova isə “Azərbaycanlıların tarixi vətənlərinə qayıdış hüquqlarının bərpası və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu” mövzularında çıxış ediblər.
Sonda bir qrup Qərbi Azərbaycan kökənli şəxslərə müraciətləri əsasında Qərbi Azərbaycan İcmasına üzvlük vəsiqələri və döş nişanları təqdim olunub.