Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində media nümayəndələri ilə görüş keçirilib

17 noyabr 2023 | 16:12

Medianın İnkişafı Agentliyinin “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə Gəncə şəhərində bölgədə fəaliyyət göstərən media subyektlərinin nümayəndələri və jurnalistlərlə görüş keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurası Ahıllar Məclisinin sədr müavini Əminə Yusifqızı, Audiovizual Şuranın üzvü Mübariz Əsgərov və bölgədə fəaliyyət göstərən media subyektlərinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, onun xatirəsi dərin ehtiramla yad olunub.

Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayıb. O, regionlarda medianın inkişafının təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsinin vacib əhəmiyyət daşıdığını bildirərək, gələcəkdə də müvafiq istiqamətdə bu kimi layihələrin təşkilinə töhfə verəcəklərini qeyd edib.  

Əhməd İsmayılov Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı Fərmanla Azərbaycan mediasının inkişafında yeni mərhələnin başlandığını bildirib. O qeyd edib ki,  son illərdə regionlarda infrastrukturun və telekommunikasiya şəbəkəsinin inkişafı, həmçinin keyfiyyətli internet xidmətlərinin təmin edilməsi dövrün trendlərinə və auditoriyanın tələblərinə cavab verən, mahiyyət və təqdimat baxımından yenilənmiş medianın formalaşdırılması istiqamətində də müxtəlif layihələrin hazırlanmasına, icrasına və media savadlılığının artırılmasına ciddi əsas yaradır.

Çıxış edən natiqlər region mediasının müasir standartlara uyğun infrastrukturunun formalaşmasının, əhalinin informasiya əlçatanlığının təmin edilməsi və ictimai-siyasi, mədəni-tarixi cəhətdən maarifləndirilməsinin, eləcə də bu sahədə uzunmüddətli davamlı inkişafın təşviqinin vacibliyini bildiriblər.

Sonra Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin moderatorluğu ilə region mediasına dair diaqnostik icmalın hazırlanması üçün mövcud media ekosisteminin xüsusiyyətlərinin və cari ehtiyacların müəyyənləşdirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.

Bununla yanaşı, layihə çərçivəsində Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova tərəfindən 60-a yaxın region gəncinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim keçilib.

 

 

 

Keçidlər