Gəncədə "Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması" mövzusunda tədbir keçirilib
04 dekabr 2023 | 13:42
04.12.2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Beynəlxalq Xəstəxananın dəstəyi ilə Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı, Gəncə Dövlət Universitetində "Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması" adlı tədbir keçirilmişdir.
Tədbirdə Gəncə şəhər Nizami Bələdiyyəsinin sədr müavini, Gender Əsaslı Komissiyanın sədri Leyla Məmmədova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Gəncə Beynəlxalq Xəstəxanasının Endekrinoloqu Dr.Şəhla Verdiyeva, Gəncə Beynəlxalq Xəstəxanasının həkimi Aygün Altun iştirak edib.
Bildirilib ki, "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Kampaniya çərçivəsində qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nigaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələləri ilə bağlı cəmiyyətə mühüm mesajlar ötürülür. “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında keçirilən 16 Günlük Fəallıq Kampaniyası həm də bütün ölkəni əhatə etməsi ilə səciyyələnir. Azərbaycan Respublikası da hüquqi dövlət olaraq beynəlxalq mübarizə günlüyünə qoşulur, hər il dövlət qurumları və vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə paytaxt və regionlarda bir sıra mühüm tədbirlər həyata keçirilir. Bu fəaliyyətin nəticəsi olaraq qanunlar qəbul edilmiş, qeyd edilən məsələlər Dövlət Proqramlarında və Milli Fəaliyyət Planlarında öz əksini tapıb.
Qeyd edək ki, Gəncə Şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyası maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyini nəzərə alaraq, kampaniya çərçivəsində silsilə tədbirlərin keçirilməsinə start verib.