Gəncədə sahibkarlarla görüş keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Gəncə İş Adamları İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində sahibkarlarla görüş keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, eləcə də sənaye, turizm və ticarət sahələrində fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak ediblər.
Görüşdə sahibkarlığa göstərilən mövcud dəstək mexanizmləri, bu sahədəki yeniliklər, KOBİA tərəfindən təmin edilən dövlət dəstəyi və xidmətlər barədə məlumat verilib. Sahibkarlar biznesin inkişafı üçün ehtiyaclarını və təkliflərini səsləndirilib.
Tədbirdə biznes subyektləri tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib.