Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edilib
Gəncə şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər təqdim olunub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, şəhid ailələri və qazilər iştirak ediblər.
Vüsal Nəsirli bildirib ki, Azərbaycanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və bu proqram ildən-ilə uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir.
Səməd Tomuyev şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi sahəsində Gəncədə də mühüm işlərin aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq bu kateqoriyadan olan şəxslərlə görüşür, onları narahat edən məsələlərin qanunamüvafiq formada həll istiqamətində tədbirlər həyata keçirilir.
Çıxışlardan sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillərin açarları təqdim olunub. 64 şəhid ailəsi və qaziyə MİDA-nın Gəncə şəhərindəki yaşayış kompleksindən mənzil verilib.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə, həmçinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı, Abşeron, Gəncə, Bərdə, Beyləqan, Oğuz, Qazax, Saatlı, Salyan, Tovuz, Ucar, Zaqatala, Bərdə, Xaçmaz, Şabran şəhər və rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumilikdə 140 mənzil və fərdi ev təqdim edilib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara bu il 500, postmüharibə dövründə 5000, ümumilikdə isə 13 800 mənzil və fərdi ev verilib.