Gəncədə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər təqdim edilib
Gəncə şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 65 mənzil təqdim olunub.
Gəncədə mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.
Hidayət Abdullayev bildirilib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb. Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə əlilləri mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Bu gün Bakı və Gəncə şəhərlərində, o cümlədən Abşeron rayonunda təqdim edilən 100 mənzil də daxil olmaqla bu il 750, postmüharibə dövründə 5 250, ümumilikdə ötən dövrdə 14 050 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Səməd Tomuyev Gəncə şəhərində şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi sahəsində görülən işlərdən bəhs edib. O qeyd edib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daim bu kateqoriyadan olan şəxsləri diqqətdə saxlayır. Onları narahat edən məsələlərin qanunamüvafiq formada həlli istiqamətində tədbirlər həyata keçirilir.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz avtomobillə təmin edilirlər. Müharibə ilə əlaqədar əlilliyi olanlara postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən çox avtomobil verilib.