Gəncədə şəhid övladları üçün Yeni il şənliyi təşkil olunub
28 dekabr 2022 | 09:15
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında şəhid övladları üçün Yeni il şənliyi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, bağça müdirləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.
Yeni il şənliyinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Gəncə və Naftalan şəhərləri, Samux, Göygöl, Goranboy və Daşkəsən rayonlarının tam orta məktəblərində təhsil alan 122 şəhid övladı qatılıb.
Bayram şənliyində məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar, orta məktəb şagirdləri və Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri müxtəlif kompozisiyalarla çıxış ediblər. Təqdim olunan musiqi nömrələri, səhnəciklər və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bayram şənliyinin sonunda uşaqlara Yeni il münasibətilə hədiyyələr təqdim olunub.