Gəncədə şərab turizminin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bölgədə şərab turizminin inkişaf etdirilməsi ilə bağlı müzakirələrə dair görüş keçirilib. Görüş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar olaraq təşkil olunub.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə-Daşkəsən Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Pərvin Kazımov və digər aidiyyəti qurumların rəhbər və nümayəndələri “Gəncə Şərab – 2” ASC-də olublar.
Qonaqlara müəssisədə istehsal edilən məhsullar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, burada istehsal olunan hər bir şərab şüşəsi təkrarolunmaz buket, indviduallıq, üslub və xarakteri özündə birləşdirir. İstehsal olunan şərablar müəssisənin plantasiyalarında yetişdirilən, qiymətli üzüm sortlarından hazırlanır. Ölkə və dünya bazarlarına çıxarılan məhsullar qədim şərabçılıq ənənələrinin yüksək texnoloji avadanlıqlarla kombinasiyasından meydana gəlir.
Rəsmilər burada istehsal prosesini də izləyiblər.
Daha sonra bölgədə şərab turizminin inkişafı ilə bağlı müzakirələr aparılıb. Aparılan müzakirələr zamanı qeyd olunub ki, Qafqazda şərab turizmi əvvəldən mühüm rol oynayıb. Son illərdə şərabçılıq yenidən inkişaf etməyə başlayıb. Tovuz, Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ kimi şəhər və rayonlarda şərab turizmini inkişaf etdirmək üçün lazım olan müəssisələr fəaliyyət göstərir. Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün turizm qurumları təbliğat və təşviqat işini gücləndirməlidirlər. Şərab turizmi ənənələrini davam etdirmək üçün yeni proqramların yaradılmasına, marşrutların təşkil edilməsinə ehtiyac olduğu vurğulanıb. Gəncədə enoturizmin inkişaf etdirilməsi üçün müvafiq qurumların qarşılıqlı fəaliyyətinin önəmi qeyd olunub, müəyyən təkliflər səsləndirilib.