Gəncədə “Şükriyyə” tamaşası nümayiş olunub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi ölkədaxili qastrol cədvəlinə uyğun olaraq oktyabrın 14-də Gəncə şəhərinə səfər edib. Yaradıcı heyət Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində “Şükriyyə” tamaşasını nümayiş etdirib.
Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatından bəhs edir. Şükriyyə Axundzadə 1937-ci il oktyabr ayının 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin həyat yoldaşı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Səhnə işində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, Mehriban Xanlarova, Vəfa Rzayeva, aktyorlar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova və b. ifa edirlər.
Qeyd edək ki, tamaşanın premyerası 30 iyun 2023-cü ildə Akademik Milli Dram Teatrında baş tutub.