Gəncədə “Turizmdə Əməkdaşlıq Perspektivləri” mövzusunda işgüzar görüş keçirilib
Gəncədə keçiriləcək REGİONAL EXPO GƏNCƏ 2026 – Sahibkarların Təqdimat Sərgisinə hazırlıq çərçivəsində “Turizmdə Əməkdaşlıq Perspektivləri” mövzusunda işgüzar görüş baş tutub.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, ali təhsil müəssisələrinin rəhbərləri, turizm şirkətlərinin və biznes qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını çatdırıb, Gəncənin sosial-iqtisadi inkişafı, şəhərin biznes imkanları və regional iqtisadi fəallığın genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edib. Bildirilib ki, REGİONAL EXPO GƏNCƏ 2026 kimi platformalar sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və yeni biznes əlaqələrinin qurulması baxımından əhəmiyyətlidir.
Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxışında regional iqtisadi inkişaf, sahibkarlıq və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində fikirlərini bölüşüb. Regionun biznes və turizm imkanlarının yeni tərəfdaşlıq əlaqələrinə çevrilməsinin əhəmiyyətini diqqətə çatdıran deputat REGİONAL EXPO GƏNCƏ 2026-nın məhz Gəncədə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev “Turizm dəyər zənciri üzrə dövlət və özəl tərəfdaşlığının əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. Daha sonra REGİONAL EXPO GƏNCƏ 2026 layihəsinin konsepsiyası, iştirak imkanları və sahibkarlar üçün yaradılacaq biznes əlaqələri barədə məlumat verilib.
Görüşdə turizm sektorunda dövlət və özəl tərəfdaşlığının inkişafı, regionun turizm potensialının tanıdılması, universitet-biznes əməkdaşlığının genişləndirilməsi və sahibkarların sərgidə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçılar Gəncə İdman Sarayında sərginin keçiriləcəyi məkanla tanış olub, sərgi zalının strukturu və stendlərin yerləşdirilməsi imkanları barədə məlumatlandırılıblar.
Qeyd edək ki, REGİONAL EXPO GƏNCƏ 2026 – Sahibkarların Təqdimat Sərgisi 20–21 noyabr tarixlərində Gəncə İdman Sarayında keçiriləcək. Sərginin əsas məqsədi regional sahibkarları dövlət qurumları, investorlar, təhsil müəssisələri və biznes nümayəndələri ilə bir araya gətirmək, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və regional biznesin inkişafına dəstək olmaqdır.






