Gəncədə Türk Mətbəxi Həftəsi çərçivəsində “Bir süfrədə miras” tədbiri keçirilib
Türkiyənin zəngin kulinariya irsini təbliğ edən Türk Mətbəxi Həftəsi artıq beşinci dəfədir keçirilir. Bu il ənənəvi tədbir mayın 21-dən 27-dək davam edir. Həftə çərçivəsində Gəncədə “Bir süfrədə miras” mövzusunda türk mətbəxinə həsr olunmuş ziyafət təşkil edilib.
Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, ADAU-nun rektoru Zəfər Qurbanov, Türkiyə Maarif Vəqfinin nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının və Konsulluğun məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də iş adamları iştirak ediblər.
Əvvəlcə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın videomüraciəti nümayiş olunub.
Çıxış edən Recep Öztop bildirib ki, Türk Mətbəxi Həftəsi hər il Türkiyədə və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən silsilə tədbirlərlə qeyd olunur. Onun sözlərinə görə, təşəbbüsün əsas məqsədi minilliklər boyu formalaşmış, mədəni mübadilə və zəngin ənənələr əsasında inkişaf etmiş türk kulinariya irsini dünyaya tanıtmaqdır.
Baş konsul vurğulayıb ki, “Bir süfrədə miras” mövzusu türk mətbəxinin yalnız müxtəlif dadlardan ibarət olmadığını, eyni zamanda ailə dəyərlərini, xatirələri, ənənələri və ortaq mədəni yaddaşı özündə birləşdirdiyini nümayiş etdirir. Layihə çərçivəsində iştirakçılara süfrələrin yalnız yemək paylaşmaq üçün deyil, həm də nəsillərarası bağları qoruyan mühüm mədəni platforma olduğu mesajı çatdırılıb.
Sonda qonaqlara “Bir süfrədə miras” mövzusuna uyğun hazırlanmış türk mətbəxinin müxtəlif təamları təqdim olunub.






