Gəncədə Türk Mətbəxi Həftəsi çərçivəsində "Türk Mətbəxinin Klassik Yeməkləri" nümayiş olunub
Türkiyənin zəngin kulinariya irsini qeyd edən Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçirilir. Bu dəfə ənənəvi tədbir mayın 21-dən 27-dək davam edəcək. Bununla əlaqədar olaraq Gəncədə də "Türk Mətbəxinin Klassik Yeməkləri" mövzusunda ziyafət təşkil olunub.
Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının, o cümlədən Konsulluğun məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və iş adamları iştirak ediblər.
Recep Öztop çıxışında bildirib ki, Türk Mətbəxi Həftəsi hər il Türkiyənin ölkə daxilində və xaricdəki nümayəndəlikləri tərəfindən təşkil olunan silsilə tədbirlərlə qeyd olunur. Bu təşəbbüs, minilliklər boyu mədəni mübadilə, davamlı təcrübələr və dərin köklü qastronomik ənənələrlə formalaşan Türkiyənin kulinariya zənginliyini dünyaya tanıtmağı hədəfləyir. Hər il fərqli bir mövzu seçilərək Türk mətbəxinin çoxşaxəliliyi nümayiş etdirilsə də, bu il təşkil olunacaq müxtəlif tədbirlər vasitəsilə Türk mətbəxinin əsasını təşkil edən klassik yeməklər və ənənəvi Türk qonaqpərvərliyi xüsusi vurğulanacaq.
Daha sonra qonaqlara “Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusuna uyğun olaraq hazırlanan yeməklər təqdim olunub.