Gəncədə "Türkiyə-Azərbaycan Qardaşlıq Gecəsi" adlı konsert proqramı keçirilib
05 iyul 2022 | 15:53
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Gəncə Regional Mədəniyyət İdarəsinin, MGM Group və "HAKAS" şirkətinin təşkilatçılığı ilə Gəncədə "Türkiyə-Azərbaycan Qardaşlıq Gecəsi" adlı konsert proqramı keçirilib. Konsertdə qonaq qismində Türkiyənin məşhur ifaçısı, bəstəkar Uğur Işılak çıxış edib.
Konsert proqramından əvvəl Uğur Işılak Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Türkiyədən gələn qonaqlar iştirak ediblər.
Niyazi Bayramov Uğur Işılakı salamlayaraq bildirib ki, Azərbaycan – Türkiyə münasibətləri tarixi köklərə və qardaşlığa söykənir. İki ölkə arasında bir çox sahədə, o cümlədən mədəniyyət sahəsində də qarşılıqlı əlaqələr mövcuddur. O qeyd edib ki, bu gün keçirilən "Türkiyə-Azərbaycan Qardaşlıq Gecəsi" adlı konsert proqramı da məhz bu əlaqələrin bariz nümunəsidir.
Uğur Işılak öz növbəsində səmimi görüş üçün şəhər rəhbərinə dərin təşəkkürünü bildirib. Gəncə şəhərinə ilk səfəri olduğunu vurğulayan müğənni, burada konsert proqramı ilə çıxış edəcəyindən məmnunluq hissi duyduğunu söyləyib.
Zeki Öztürk konsertin təşkilində göstərdiyi dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova minnətdarlığını bildirib.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Daha sonra Uğur Işılak Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı əraziyə baş çəkib, burada həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüb.
Bununla yanaşı, qonaq Nizami Gəncəvi Məqbərəsini və Nuru Paşa ev Muzeyində olub.
"Türkiyə-Azərbaycan Qardaşlıq Gecəsi" adlı konsert proqramı torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin bir dəqiqəlik sükutu ilə başlayıb.
Gecədə Gəncə Dövlət Filarmoniyasının solistləri, Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Pərvanə Rüstəmova, İslam Əlizadə, Rövşən Məmmədov və digərləri bir-birindən zəngin repertuarlarla çıxış ediblər. Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının ifasında nümayiş olunan rəqs proqramı isə tamaşaçıların zövqünə oxşayıb. Konsertdə Gəncə Şəhər Usaq İncəsənət Məktəbinin "Xəmsə" nağaraçalanlar ansamblı və Filarmoniyanın solistləri tərəfindən "Nuru Paşa" və "Mehtər Marşı" təqdim olunub.
Gecənin ikinci hissəsində Türkiyənin məşhur sənətçisi Uğur Işılak Gəncə sakinlərinin qarşısında çıxış edib. Bir-birindən maraqlı və rəngarəng mahnıları ilə çıxış edən sənətçini tamaşaçılar böyük alqışlarla qarşılayıblar. Söz və musiqisi özünə aid olan "Azərbaycan Türkiyədir" türküsü isə bütün iştirakçıların qəlbinə toxunub.
Sonda sənətçi Gəncəlilərə göstərdikləri isti müansibətə və qonaqpərvərlikilərinə görə təşəkkürünü bildirib.