Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Türkiyə Respublikasının elan olunmasının 100-cü ildönümü qeyd olunub

31 oktyabr 2023 | 14:58

Məlum olduğu kimi, bu il Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi qeyd olunur. Bununla əlaqədar olaraq Gəncədə tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı, general-leytenant Ənvər Əfəndiyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ADAU-nun rektoru Zəfər Qurbanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. 

Tədbirdə Türkiyənin işğaldan azad edilməsi, Cümhuriyyətin qurulması və hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib.

Recep Öztop Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub. Konsul Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edib.

Niyazi Bayramov Cümhuriyyət elan edilməsinin 100-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib. O qeyd edib ki, bununla əlaqədar olaraq Gəncə şəhərində 3 gün müddətində silsilə tədbirlər həyata keçirilib. Şəhər rəhbəri Türkiyə Respublikasına davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Xatırladaq ki, 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr tarixli qərarı ilə dövlət respublika quruluşuna keçib. Cümhuriyyətin elanından sonra Mustafa Kamal Atatürk Türkiyənin ilk Prezidenti seçilib. 1925-ci ildən etibarən hər il oktyabrın 29-da Türkiyənin Cümhuriyyət bayramı qeyd olunur.

Keçidlər