Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbir keçirilib

24 aprel 2026 | 12:38

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub.

Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin Mədəni irsin qorunması sektorunun müdiri Yadigar Bədəlov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səmədzadə, mədəniyyət işçiləri və uşaqlar iştirak ediblər.

Əvvəlcə Filarmoniyanın foyesində Gəncə şəhər Uşaq Rəssamlıq və İncəsənət məktəbinin şagirdlərinin sərgisinə baxış keçirilib.

Tədbir Azərbaycan və Türkiyə respublikalarının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən rəsmilər 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramının əhəmiyyətini vurğulayıblar.

Çıxışlardan sonra konsert proqramı təqdim edilib. Proqramda “Xəmsə” nağara ifaçıları ansamblı, 5 nömrəli Uşaq Musiqi Məktəbinin aşıqlar ansamblı, 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Gəncəm” vokal triosu və 4 nömrəli Uşaq Musiqi Məktəbinin xor qrupu müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Xatırladaq ki, 1920-ci il 23 aprel tarixində Türkiyə Böyük Millət Məclisi yaradılıb və bu tarix türk xalqının suverenliyinin elan edildiyi gün kimi qəbul olunur. Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi barədə qərar imzalayıb. 1929-cu ildən etibarən isə bu gün Türkiyədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunur.

 

Keçidlər