Gəncədə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” mövzusunda üç günlük seminarın açılış mərasimi keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Gəncədə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” mövzusunda üç günlük seminar-treninqin açılış mərasimi keçirilib.
Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Bölgəsi üzrə şöbəsinin müdiri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı, YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndəsi və fəal gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə bildirib ki, gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən üçgünlük seminarda Gəncə şəhəri ilə yanaşı, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarından olan ümumilikdə 60 nəfər gəncin iştirakı nəzərdə tutulub. Seminar çərçivəsində ekspertlər tərəfindən müxtəlif mövzularda mühazirə və diskussiyaların təşkili, şəhər ərazisindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, intellektual yarışlar, eləcə də digər əhəmiyyətli tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, açılış mərasimində Fondun maliyyə dəstəyi ilə hazırlanmış "Heydər Əliyev və Azərbaycançılıq" filmi də nümayiş olunub.