Gəncədə “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının, Konstitusiyasının və suverenliyinin banisidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Ağsaqqallar Şurasının və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində 28 May - Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının, Konstitusiyasının və suverenliyinin banisidir” mövzusunda regional konfransı keçirilib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmisi, Qərb bölgəsi üzrə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, YAP Gəncə şəhər təşkilatının nümayəndələri, ağsaqqallar, ziyalılar, müəllim və tələbələr iştirak ediblər.
Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik mübarizəsi tarixində müstəsna xidmətlərindən söz açıblar. Bildirilib ki, hələ sovetlər dövrünün mövcud olduğu 17 noyabr 1990-cı ildə dahi rəhbərin qətiyyəti sayəsində üçrəngli bayrağımızın Naxçıvanda rəsmən ucaldılmasını milli azadlıq hərəkatında, müstəqilliyə gedən yolda böyük tarixi hadisə kimi dəyərləndirilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderimizin uğurlu strategiyasının yüksək səviyyədə davam etdirilməsi və Konstitusiyamızın real həyatda tam tətbiqi nəticəsində suverenliyini bərpa edən ölkəmiz hazırda davamlı inkişaf edir, qüdrətlənir, beynəlxalq nüfuz sahibi olur.
Sonra konfrans digər tədbir iştirakçılarının maraqlı çıxışları və müzakirələrlə davam edib.