Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş regional konfrans keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının, Azərbaycan və Gəncə Ağsaqqallar Şurasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin və DİİXİHİ Gəncə şəhər Komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illyinə həsr edilmiş regional konfrans keçirilib.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında reallaşan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şəhər Ağsaqqallar Şurasının sədri, YAP Gəncə şəhər təşkilatının sədr müavini, DİİXİ Hİ Gəncə şəhər Komitəsinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransda Dövlət Himni səsləndirilib, daha sonra müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Niyazi Bayramov çıxışında bildirib ki, Azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldıran Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb. O qeyd edib ki, müasir Azərbaycanın şanlı tarixi məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə möhtərəm Prezident cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi xalqımızın öz Ulu Öndərinə məhəbbətinin təcəssümüdür.
Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxışında Ümummilli Liderin layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən Müstəqil Azərbaycan bu gün beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider dövləti kimi qəbul olunduğunu bildirib.
Çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyətindən və xalqına, torpağına olan böyük sevgisindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev bütün ömrünü mənsub olduğu xalqa, onun inkişafına, minilliklərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasına həsr edib.
Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli ideilogiyanın formalaşması”, ADAU-nun dosenti, fəlsəfə doktoru Ceyhun Hüseynov “Heydər Əliyev Azərbayçılıq fəlsəfəsində milli birliklə dövlətçiliyin dialektikası” adlı məruzələrlə çıxış ediblər. Xalq artisti Məmmədəli Balayevin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər tədbir iştitakçılarının gurultulu alqışları ilə qarşılanıb.
Tədbirin sonunda Gəncə Ağsaqqallar Şurası tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərimizin sakinlərinin qəbulu zamanı onlara, xüsusilə Vətən müharibəsi şəhidlərinin valideynlərinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğıya görə Fəxri fərmanla təltif edilib.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap olunmuş kitablar tədbir iştirakçılarına hədiyyə olunub, xatirə şəkli çəkdirilib.