Gəncədə "Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi önəmi" mövzusunda tədbirlər keçirilib
Tədbirlər Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində və Azərbaycan Texnologiya Universitetində baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Ümummilli Lider Heydər Əliyevdə görürdü. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdi. 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli lider Heydər Əliyevin qısa zamanda özünün ümummilli maraqlara əsaslanan və ali dəyərlərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin edib.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilib, ölkəmizin beynəlxalq mövqeyi güclənib. Onun müdrik siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sayəsində ölkəmizin dayanmadan inkişaf etdiyi xüsusi vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Ümummilli Liderə göstərilən ehtiramın bariz nümunəsidir.