Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir

08 may 2026 | 18:52

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Ulu Öndərin adını daşıyan Mərkəzdə təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin partiya fəalları iştirak ediblər.

Əvvəlcə rəsmilər Mərkəzin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Azərbaycan xalqının dahi oğlu, görkəmli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Niyazi Bayramov bildirib ki, bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anır. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev haqqında danışmaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Çünki dahi şəxsiyyət Heydər Əliyev təkcə dövlət rəhbəri deyil, müasir müstəqil Azərbaycanın memarı, xalqımızın xilaskarı və dövlətçilik ideologiyasının banisidir.

Şəhər rəhbəri vurğulayıb ki, Ulu Öndər Gəncəyə hər səfərində şəhərin inkişafına xüsusi diqqət göstərib, sakinlərlə səmimi görüşlər keçirib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb. “Məhz Heydər Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğı bu gün də şəhərimizin simasında, onun inkişafında və insanların rifahında öz əksini tapır”, – deyə o bildirib.

Bayram Aslanov çıxışında Azərbaycanın hər qarış torpağını dərindən sevən Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsindən, xalqına olan sonsuz məhəbbətindən və zəngin siyasi irsindən bəhs edib. O bildirib: “Dahi rəhbərin bizə miras qoyduğu siyasi irs yalnız dünənin deyil, bu günün və sabahın da yol göstəricisidir”.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin nurlu xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayır. O vurğulayıb ki, müstəqil və qalib Azərbaycanın vətəndaşları Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək qiymətləndirir, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirlər.

Fəal gənc Xalidə Nəbiyeva isə çıxışında müasir Azərbaycan gəncliyinin Ulu Öndərin ideyalarına sadiq qaldığını, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlətçilik ənənələrinin qorunması və inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Tədbirdə YAP Gəncə şəhər təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup partiya üzvünə təşəkkürnamələr, partiyaya yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Bədii hissə ilə davam edən tədbirdə Ulu Öndərin xatirəsinə ithaf olunmuş, musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus “Xalq Heydər söyləyəcək” mahnısı səsləndirilib.

Sonda Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Keçidlər