Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir. Bununla əlaqədar olaraq, ölkənin bütün bölgələrində olduğu kimi Gəncə şəhərində də Ulu Öndərin xatirəsi anılıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri Ümummilli Liderin Heydər Əliyev Meydanında ucaldılan abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Bununla yanaşı, Ulu Öndərin Gəncənin Heydər Əliyev Mərkəzində ucaldılan abidəsi də ziyarət olunub.
Qeyd edək ki, Ulu Öndərin Heydər Əliyev adına Meydanda və Heydər Əliyev Mərkəzinin önündə ucaldılan abidələri şəhər sakinləri tərəfindən ziyarəti davam edir. Eyni zamanda, Heydər Əliyev Meydanında quraşdırılan böyük monitorda Ulu Öndərin həyatından bəhs edən videoçarx da nümayiş olunur.