Gəncədə universitetlərarası basketbol yarışının açılış mərasimi keçirilib
Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Basketbol Federasiyası və "Rövşən Oğuz Qrup" MMC-nin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş universitetlərarası basketbol turnirinin açılışı baş tutub.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi v.m.i.e Elvin Quliyev, müəssisə, təşkilat, idarə rəhbərləri, şəhər ictimaiyyəti, tələbələr, idmançılar iştirak edib.
Açılış zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra konsert proqramı təqdim edilib.
Yarışa püşkatma ilə start verilib. İki gün davam edəcək universitetlərarası basketbol yarışını ABF hakimlər kollegiyasının müvafiq lisenziyasına malik meydan və masa hakimləri idarə edir. Kubok uğrunda Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin komandaları mübarizə aparır. İlk oyun Azərbaycan Texnologiya Universiteti və Mingəçevir Dövlət Universitetinin komandaları arasında baş tutub, müvafiq olaraq 119:37 xal hesabı ilə nəticələnib.
Qeyd edək ki, ATU universitetlərarası basketbol yarışını artıq üçüncü ildir təşkil edir. Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və komandada işləmə bacarıqlarının inkişaf etdirilməsidir.