Gəncədə “Uşaq hüquqları” mövzusunda tədbir keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları” mövzusunda toplantı keçirilib.
Orta təhsil müəssisələrinin sosial işçi və psixoloqları üçün keçirilən toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Mete, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional filialının aparıcı mütəxəssisləri Cavanşir Ələkbərov, Validə Əmiraslanova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsul əməkdaşı Vüsalə Balayeva və təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri, sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquqları və digər mövzular ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb.
İclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.