Gəncədə “Uşaq Səfirlər Məclisi”nə seçilən məktəblilərlə görüş təşkil olunub
Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında keçirilən görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Mete məclisin fəaliyyəti, görüləcək işlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, məclisin yaradılmasında əsas məqsəd uşaqların müxtəlif tədbirlərdə müstəqil olaraq fəallığının artırılması, təşkil olunan ictimai işlərdə dəstək göstərilməsindən ibarətdir. Həmçinin bildirib ki, “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəlikləri üçün 2024-cü il üzrə Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi üçün Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələrindən 20 fəal məktəblinin seçilməsi, şagirdlərin müxtəlif tədbirlərdə fəallığının artırılması, o cümlədən təşkil olunmasına dəstək göstərilir.
Görüşdə ötən il məclisə üzv seçilən Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdi Xavər Qasımova və İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin şagirdi Hüseyn İsmayılov çıxış edərək Məclisə üzv seçilən şagirdlərlə öz təcrübələrini bölüşüblər.
Tədbirdə “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndələrinə dəstək məqsədi ilə seçilən fəal şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.