Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “USTA Mənəm! – ilin ən yaxşı ustası” müsabiqəsi keçirilib

12 iyun 2025 | 12:35

Müsabiqə İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzinin və “Holcim Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə Gəncə Peşə Hazırlığı Mərkəzində baş tutub.

Tədbirdə İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov, “Holcim Azərbaycan” şirkətinin satış direktoru Elnur Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzinin, DSMF Gəncə-Daşkəsən Regional Şöbəsinin, SXA Gəncə-Daşkəsən Regional Şöbəsinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Gəncə-Daşkəsən Regional  Şöbəsinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının rəhbər şəxsləri və əməkdaşları  iştirak ediblər.

Açılış mərasimində çıxış edən rəsmilər peşə təhsilinin ölkədəki rolu, əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasının əhəmiyyəti və bu tip müsabiqələrin gənclərin peşə təhsilinə marağının artırılmasında oynadığı roldan danışıblar.

Daha sonra 25 ustanın iştirakı ilə “USTA Mənəm!” müsabiqəsinə start verilib. Gərgin və maraqlı keçən yarışda Rövşən Adıgözəlov ən yüksək nəticə göstərərək birinci olub və Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi ölkədə bənna, suvaq və hörgü işləri üzrə ən peşəkar ustanı müəyyən etmək, gənclərin peşə təhsilinə marağını artırmaq, həmçinin əmək bazarında ixtisaslı kadrların formalaşmasına və onların inkişafına dəstək verməkdir.

Xatırladaq ki, 2024-cü ildə keçirilən ilk müsabiqə çərçivəsində ölkənin müxtəlif bölgələrindən 400-dən çox usta arasında 14 şəhər və rayonda seçim turları təşkil olunmuş, final mərhələsinin iştirakçıları isə qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqənin qalibi isə “Pick-up” markalı avtomobilə sahib olub. Davam edən uğurlu əməkdaşlıq çərçivəsində 2025-ci ildə “USTA Mənəm! – ilin ən yaxşı ustası” müsabiqəsinin ikinci mərhələsi keçirilir. Bu il də müsabiqənin qalibləri qiymətli hədiyyələrlə təltif olunacaq, əsas mükafat kimi isə qalibə “Pick-up” avtomobili təqdim ediləcək.

 

Keçidlər