Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilir
31 oktyabr 2022 | 16:17
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə şəhərində şəhid və qazi ailələrinə xüsusi qayğı göstərilir. Aidiyyəti qurumların rəhbərləri tərəfindən şəhid ailələri daim ziyarət olunur, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində qanunamüvafiq tədbirlər görülür.
Bununla yanaşı, şəhər rəhbərliyi və rəsmilər şəhidlərimizin il mərasimlərində iştirak edir, ailələri ilə birlikdə onların məzarlarını ziyararət edirlər. Ötən həftə ərzində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Nizami və Kəpəz icra hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində şəhid olan hərbçilərimizin anım günlərinə qatılıblar.
Vətən müharibəsi şəhidləri Bağırov Nurlan İsmayıl oğlu, Cəfərov Mirmuraz Mirbaba oğlu, Məmmədov Elnur Xurşid oğlu, Namazov Elməddin Nəsib oğlu, Abdullayev Samir İlham oğlu, Əsgərov Rauf Vaqif oğlu, Daşdəmirov Rəvan Məzahir oğlu, Şəfiyev Rəşad Vaqif oğlu, Orucov İsə Razim oğlu və İsgəndərov Bəhruz Abbas oğlunun şəhidliklərinin ikinci ildönümündə məzarları ziyarət edilib, xatirələri ehtiramla yad olunub.
Mərasimlərdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhadətə ucalmış şəhidlərimizin qəhrəmanlıqlarından danışıb, Azərbaycan xalqına qələbə sevincini yaşadan igidlərimizin xatirəsinin yaddaşlardan silinməyəcəyini vurğulayıblar. Qeyd olunub ki, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir və bu məsələlər daim diqqətdə saxlanılır.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.