Gəncədə Xalq artisti Aygün Səmədzadənin yaradıcılıq gecəsi keçirilib
Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Aygün Səmədzadənin yaradıcılıq gecəsi keçirilib.
Filarmoniyada keçirilən gecədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Ziyad Səmədzadə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətlərinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və şəhər sakinləri tamaşaçı qismində iştirak ediblər.
“Sevimli mahnılarla” adlı konsert proqramında Xalq artisti İlqar Muradov, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, Nurlan Növrəsli, Rəşad İlyasov, eləcə də solistlər Pərviz Abdullayev, İlkin Dövlətov, Rüstəm Cəfərov, Sehri Əliyeva, Əli Məmmədov, Zəminə Rəhimova, Vüsal Hacıyev, Samir Məmmədov, Zabitə Əliyeva və Kəmalə Əhmədova tərəfindən bəstəkarın sevilən və dillər əzbəri olan əsərləri səsləndirilib.
Həmçinin Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəngarəng çıxışı da maraqla izlənilib. Milli rəqslər və musiqi kompozisiyaları tədbirə xüsusi ovqat bəxş edib.
Yaradıcılıq gecəsi tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.






