Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Xalq artisti Fikrət Verdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib

30 yanvar 2023 | 15:08

Gəncədə Xalq artisti Fikrət Verdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə görkəmli sənətkar, peşəkar tarzən, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Fikrət Verdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib.

Gəncə Dövlət Filarmoniyasında baş tutan mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım Verdiyeva, ailə üzvləri, yaxınları, eyni zamanda Gəncə şəhər ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə mərhum sənətkarın xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Niyazi Bayramov qonaqları salamlayaraq, sənətkarın ailə üzvlərinə başsağlığı verib və bildirib ki, Xalq artisti Fikrət Verdiyev Azərbaycan musiqisi və mədəniyyətinin inkişafı üçün böyük işlər görüb. Onun ən böyük mirasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı olduğunu vurğulayıb. Niyazi Bayramov Ulu Öndər Heydər Əliyevin Xalq artistinə daim xüsusi diqqət göstərdiyini və peşəkar tarzəni Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Çıxış edən qonaqlar mərhum sənətkarla bağlı xoş xatirələrindən, onun həyat və yardıcılığından bəhs ediblər. Bildirilib ki, Fikrət Verdiyev Azərbaycan incəsənətinə, xüsusilə Gəncə şəhərinin mədəniyyət sahəsinə əvəzsiz töhfələr verib. O, hər zaman istedadlı gənclərə önəm verən, onlara yol açan və dəstək göstərən sənətkarlardan olub. Qeyd edilib ki, onun tarda ifa etdiyi möhtəşəm əsərləri, eyni zamanda onun əziz xatirəsi daim sevənlərinin qəlbində yaşayacaqdır.

Tədbirdə Fikrət Verdiyevin yaratdığı və uzun illər rəhbərlik etdiyi “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı tərəfindən Xalq artistinin xatirəsinə həsr olunan əsərlər ifa edilib.

Sonda Xan Şuşinski Fondunun rəhbəri, mərhum sənətkarın ömür-gün yoldaşı Bəyimxanım Verdiyeva çıxış edərək, Xalq artisti Fikrət Verdiyevin sənətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib və Fikrət Verdiyev sənətinin daim qəlblərdə yaşayacağını qeyd edib.

Xatırladaq ki, Fikrət Süleyman oğlu Verdiyev 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 13 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülüb. 10 may 2022-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılıb.

22 dekabr 2022-ci ildə Fikrət Verdiyev əbədiyyətə qovuşub.

Keçidlər