Gəncədə Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunub
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatlı, "Şərəf nişanı" və "Şöhrət" ordenli Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, bəstəkarın nəvələri, Əməkdar artistlər Tahir İmanov və Cabir İmanov, Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, təşkilat, müəssisə rəhbərləri və şəhər sakinləri qonaq qismində iştirak ediblər.
Bəstəkarın əsərlərindən ibarət konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı Mədəniyyət Nazirliyinin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Milli Konservatoriyasının, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə keçirilən “Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində baş tutub.