Gəncədə “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə əlaqədar olaraq ilin son ağacəkmə aksiyası təşkil olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı 2024-cü ilin son ağacəkmə aksiyası keçirilib.
Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
E.Allahverdiyev küçəsində, ümumilikdə 500 kvadrat metr ərazidə təşkil olunan aksiyada 400-dən çox 7 illik sərv ağacı əkilib. Əkilən ağacların suvarılması üçün uzunluğu 2000 metrdən çox olan damcı suvarma sistemi çəkilib.
Aksiyasının sonunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov MKTİB-nin 2 yeni müxtəlif təyinatlı texnikalarına baxış keçirib. Bildirilib ki, Rusiya istehsalı olan “GAZ 330273” avtomobilinin yükgötürmə qabiliyyəti 1660 kiloqram, Çin-Türkiyə istehsalı olan “FAW Tiger VN” texnikasının yükgötürmə qabiliyyəti isə 250 kiloqrama bərabərdir. Hər iki texnika üçün dövlət qeydiyyatı nişanı alınıb. Artıq bu texnikalar şəhər təsərrüfatı üçün xəttə buraxılıb. Niyazi Bayramov texnikalara baxış keçirdikdən sonra aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Bununla yanaşı, şəhər rəhbəri Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları ilə də görüşüb, onların müraciətlərini dinləyib və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb.