Gəncədə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
22 noyabr 2026 | 12:14
Noyabrın 21-də Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” mövzusunda tədbir keçirilib.
Əvvəlcə rəsmilər Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin ilk illərində mürəkkəb ictimai-siyasi şəraitdə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. O qeyd edib ki, partiyanın yaranması Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olub və qısa müddətdə xalqın dəstəyini qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib.
Tahir Budaqov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. YAP Sədrinin müavini müasir dövrdə ideoloji işin gücləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin və rəqəmsal kommunikasiya imkanlarından səmərəli istifadənin vacibliyini də diqqətə çatdırıb.
O bildirib ki, hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının 40 mindən artıq üzvü var. Onların 26 mindən çoxunu qadınlar, 8 mindən çoxunu isə gənclər təşkil edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında Yeni Azərbaycan Partiyasının yaradılmasının ölkəmizin müstəqillik tarixində mühüm hadisə olduğunu qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi sabitlik təmin olunub, dövlətçilik əsasları möhkəmləndirilib və ölkəmiz inkişaf yoluna qədəm qoyub.
Niyazi Bayramov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və dövlət suverenliyinin tam bərpası Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı olub. O, YAP Gəncə şəhər təşkilatının da gənclərlə işin gücləndirilməsi, maarifləndirici tədbirlərin təşkili və dövlət siyasətinin təbliği istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev partiyanın yaranmasının tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, Heydər Əliyevin siyasi dühası Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsində həlledici rol oynayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya milli birliyin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev çıxışında YAP-ın yaranmasının ölkəmizin siyasi həyatında tarixi hadisə olduğunu bildirib. O, 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələrin ölkəni ciddi təhlükə ilə üz-üzə qoyduğunu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının isə dövlətçiliyimizin qorunmasında mühüm rol oynadığını vurğulayıb. Natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən də bəhs edib.
“1 saylı” Ərazi Partiya Təşkilatı sədrinin müavini Gülnar Fazilqızı isə çıxışında gənclər siyasətinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, gənclərin bilikli, təşəbbüskar, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsi dövlətimizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. YAP Gəncə şəhər təşkilatı tərəfindən bu istiqamətdə müxtəlif maarifləndirici layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda konsert proqramı təqdim olunub.






