Gəncədə yeni təlim mərkəzi fəaliyyətə başlayıb
Gəncə şəhərində “Industrial Support and Training Services (IST Services)” Əlavə Təhsil Mərkəzi fəaliyyətə başlayıb. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Aparatın İctimai-siyasi və humanitar şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov sözügedən mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Filial rəhbəri Vüsal Cəfərov bildirib ki, müəssisə Bakı və Lənkəran şəhərlərindən sonra Gəncə şəhərində də fəaliyyətə başlayıb . Təlim mərkəzi bir qrup peşəkar mühəndislər, təhlükəsizlik üzrə mütəxəssislər və insan resursları menecerləri tərəfindən yaradılıb. Əsas məqsəd Gəncə və ətraf bölgələrdə fəaliyyət göstərən mədən, tikinti, xidmət və digər sənaye müəssisələri əməkdaşları üçün yüksək səviyyəli təlimlərin təşkil edilməsidir. İST Services ümumi SƏTƏM, yükqaldırma, transport və logistika, xilasetmə, dənizdə sağqalma, mühəndislik, qida təhlükəsizliyi və s kimi sahəni əhatə edən 150-dən artıq müxtəlif peşə təlim tədrisi həyata keçirir.
Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından “Industrial Support and Training Services (IST Services)” Əlavə Təhsil Mərkəzinin işinə uğurlar arzulayıb.
Qeyd edək ki, təlimlər avadanlıqlarla təchiz edilmiş xüsusi iş otaqlarında, tədris poliqonlarında və dinləyici auditoriyalarında həyata keçiriləcəkdir.