Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Zəfər Günündə şəhidlərin xatirəsi ehtiramla yad edilib

08 noyabr 2026 | 14:47

8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər xiyabanını ziyarət edib.

Mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları iştirak ediblər.

Əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş  hərbçilərin adları əks olunan abidəni ziyarət edib, gül dəstələri düzüblər. 

Tədbirdə bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən biridir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılaraq torpaqlarımız işğaldan azad edilib. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Qeyd edilib ki, bu Zəfər milli birliyimizin, qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir.

Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçıları torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış Əbədi Məşəl Abidəsinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna dərin ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə şəhərində silsilə tədbirlər keçirilir.

 

Keçidlər